“Pirverdinin xoruzu”

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı. Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin. Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tu tub dedi: – A kişi, durma, min ulağı, get Zibeydəni gətir. Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir; o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşbaş” oynayırlar. Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi: – Vallah, dədə qoymayacağam gedəsən! Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu: – Bala, niyə qoymursan gedəm? Pirverdi cavab verdi: – Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram. Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi: – Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim. Pirverdi quyruğu əlindən ötürdü. İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlasa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan. Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə. Molla Cəfər Qasım əmini evini aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə: – Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox-övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var-hamısıni daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər? Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi: – Axund Molla Cəfər, yaxşı fərmayış buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmərəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm çanın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır. – Ax, vay gününə Qasım əmoğlu, – Molla Cəfər deyir. Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi: – Qasım əmoğlu, əlini mənə ver. Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi. – Qasım əmoğlu, əlini ver mənə. Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə. – Qasım əmoğlu, qoy səni evləndirim. Qasım əmi ancaq başını buladı, amma bir söz demədi. – Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur. Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin hamam ulağa və aparsın evinə. Qasım əmi gənə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu. Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevinçək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi: – Zibeydə xala, mənə xoruz gətirdin? Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə… Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım.

“Qız və nənə”

Nənəsinin alnının qırışdığını görən qız, ondan bunun səbəblərini soruşar.Nənəsinin cavabı aşağıdakı kimi olur:

Keçər günlər,çatar səkkizə yaşın,
Çağırar hirs ilə səni dadaşın,
Turşudar üstünə gözlərin qaşın,
Diqqət ilə səndə ona baxarsan.
Söyləyər dadaşın sənə bir kərə,
-Mən səni ey qızım vermişəm ərə!
Başını qorxudan əyibən yerə,
Bir söz danışmayıb sənlal olarsan,
Axırda zor ilə olar sənə ər,
Qırx yaşında dəvə kimi bir nəfər,
Boynu yoğun əqli nazik özü xər,
Onda sən başına nə daş salarsan
Bir gün eşidərsən təzə arvad alıb,
Səni gözdən bimərrə salıb.
Bir ayrı otaqda sən yetim qalıb,
Tazə arvadına sən qurtdanarsan.
Sonra gedib alar bir özgəsini,
Salar üçüncüyə öz həvəsini
Arvadların kəsilməyən səsini,
Eşidib od tutub sən odlanarsan.
Bir gün onnn sabah bunnan vuruşar,
Bir gün onnan sabah sənnən duruşar
Bu cür qızım axır alnın qırışar
Söz yox ki nənəni yada salarsan.

İxtisar edilib.

“Orucu batil eləyən şeylər”

Mәrvdә cәnab mövlana hacı Mәhәmmәd Bağır ağa hәr gün mәsciddә minbәri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min
peyğәmbәrә and içә-içә camaatı inandırır ki, qәzet oxumaq orucu batil elәr. Mәn bilәsi bu mәsәlәyә diqqәt elәmәk lazımdır.

Tutaq ki, Lәnkәranda sәrçeşmeyi-ülumi-rәbbani fәxrülülәma hacı Cabbar ağa Nәsirbәyovun müridlәri bu günah әmәldәn
uzaqdırlar; amma yenә oruc tutanlardan gah bir qәzet oxuyan mәnim gözümә sataşır. Mәgәr bunlar yazıq deyillәr?!

Bәs bu mәsәlәni açmaq lazımdır ki, hәr kәs öz tәklifini bilsin; yoxsa belә olmasa, yәqin ki, çox keçmәz, Mәrv mәscidinin
minbәrinin kәrpiclәri “ağa”nın şapalaqlarının zәrbindәn uçub tökülәr camaatın başına.

Bu barәdә mәn, Molla Nәsrәddin, bir söz danışmayacağam. Mәn onu bilirәm ki, mәnim sözüm camaat içindә bir pula getmir!
Mәn bilirәm ki, camaat mәni kәmetiqad hesab edir; söz yox, o qәdәr tas quran, fal açan vә ilan oynadanlara lağ elәdik ki, axırı
bu günә düşdük.

Bәs mәn, Molla Nәsrәddin, oruc tutanların qәzet oxumağı barәsindә bir söz danışmayacağam; amma, görәk, özgәlәr nә deyirlәr?

Rusiyada çıxan müsәlman qәzetlәri vә habelә qonşumuz “İrşad” bu barәdә çox sözlәr danışıblar. Amma mәnim bunlarnan da
işim yoxdur.

Keçәk Tәbrizә vә görәk islam alәminin mәrkәzi vә ülәmanın mәdәni hesab olunan şәhәrdә çıxan “Әdalәt” ruznamәsi bu barәdә
nә deyir? Hәmin ruznamә 18-ci nömrәsindә üzünü tutub müsәlmanlara vә bir neçә şey onlardan soruşur. Ruznamә soruşur: “Ay müsәlmanlar, mәn ölüm, lotu-lotuyana deyin görüm, hansıdır orucu batil elәyәn şeylәr?

1.Әvvәla, deyin görüm ruznamә oxumaqmı orucu batil elәr, ya adam öldürmәk, qumar oynamaq, mәrdümazarlıq, rüba yemәk,
şeytançılıq, oğurluq, cibgirlik, dәstәbazlıq?

Әgәr bu saydığımız әmәllәr orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin yüz hissәsinin doxsan doqquz hissәsi nahaq
yerә zәhmәt çәkib, oruc tuturlar? Әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәb batil elәsin vә halonki biçarә ruznamә yazanlar millәt
vә insaniyyәt yolunda gözlәrinin nurunu töküb, axırda “lәnәt”dәn savayı bir şeyә sahib olmurlar.

2. Saniyәn, deyin görüm, qәzet oxumaqmı orucu batil elәr, yainki minbәrin üstә çıxıb, min gunә yalanlar vә büzurgüvar
peyğәmbәrimizin vә әimmeyi-әtharın barәsindә yüz min cür iftiralar demәk?

Әgәr hәmin yalanlar vә iftiralar orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin ülәmasının yüz hissәsinin doxsan doqquz
hissәsi nahaq yerә zәhmәt çәkib, oruc tutur vә әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәbә batil elәsin vә halonki ruznamәlәr
yüz illәrlә yatmış millәtin vә mәmlәkәtin qulağına dirilik şeypuru çalıb, hәmişә xalqı mövhumat vә mühәmmәlatdan xәbәrdar vә
hal-hazırın ehtiyacatına vә zәmanәnin tәqazasına vaqif etdirmәkdәdir.

3. Salisәn, deyin görüm, qәzet oxumaq orucu batil elәr, yainki yetim vә acizlәrin malını әlindәn alıb, qanlarını sormaq?

Әgәr bu işlәr orucu batil elәyirlәrsә, bәs nә sәbәbә İranın hakimlәri, ülәması, Qafqazın ağaları vә hacıları nahaq yerә zәhmәt
çәkib oruc tuturlar? Әgәr elәmirlәrsә, dәxi bәs ruznamәlәrin günahı nәdir ki, hәmişә politika meydanında qәlәm vurub, millәtin vә
mәmlәkәtin hüququnu gözlәmәkdә canfәşanlıq edib, әcnәbi millәtlәr içindә öz millәtinin üzünü ağ vә başını uca elәmәkdәdir.

4. Rabiәn, deyin görüm, ruznamә oxumaqmı orucu batil elәr, yainki şәriәti oğurlamaq?

Әgәr şәriәti oğurlamaq orucu batil edirsә, bәs niyә müsәlman alәmindә zahid vә fazil libasına girәn zalimlәr, cabirlәr, xainlәr,
rәislәr vә alimnümalar minbәrә qalxıb, lәğv vә batil mәsail, saxta әhadis vә әxbar düzәldib, hәmin mәsail vә әhadisin nisbәtini,
nәuzübillah, peyğәmbәr vә imamlara verib, bu vasitә ilә avamı cәhalәtdә saxlayırlar?

Vә әgәr şәriәti oğurlamaq orucu batil elәmirsә, dәxi ruznamә nә sәbәbә batil elәsin vә halonki camaatın bәsirәt gözünü açıb,
dostla düşmәnini tanıtmaqdan savayı ruznamәnin heç bir tәqsiri yoxdur”.

Molla Nәsrәddin öz tәrәfindәn:

Mәn qabaqca әrz elәdim ki, bu barәdә mәn bir söz danışmayacağam. Amma hәmin mәsәlә ariz olandan indiyәdәk bәndәyә bir
neçә kağız göndәrib soruşurlar ki, nә sәbәbә biz mollalar qoymuruq camaat qәzet oxusun?

Mәnim cavabım:

Bunun tәk bircә sәbәbi var: vallah, billah, taalah, and olsun yerә, göyә, ulduzlara, bunun sәbәbi mәhz budur ki, camaat ruznamә
oxumağa başlasa, dәxi biz mollaların bazarı kasad olacaq. Vәssәlam.

Qәrәz … bunlar keçәndәn sonra … bunların heç birindәn mәnim ağlım bir şey kәsmir. Qorxuram axırda heç bir şey çıxmaya.
Qorxuram axırda ruznamә oxumaq da orucu batil edә, oruc tutmaq da ruznamә oxumağı batil edә.

Bizim Qafqazda sazanda mәclisindә hәrdәn bir cür muğamat çalırlar. Birisi düşür oynamağa, oturanlar çıtmıq çalırlar, xanәndә dә
başlayır bu sözlәri oxumağı:

Dәrәdә yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba, parthapartnan top atdılar, oyanmadım.
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Şәhrimizdәn cәm olub cavanlar, naz ilәn gәlib,
Qumarbaz, uşaqbazlar matışkabaz ilәn gәlib,
Mar, meymun oynadan söhbәtü saz ilәn gәlib,
Mütrübü xoşlәhcәlәr pәk xoş avaz ilәn gәlib,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Qarışdı aralıqlar, qopdu mәhşәr qiyamәti,
Müsәlmanlar bir-birin qırdı unudub qeyrәti,
Hәr “gәlәn” alim olub, çapdı-taladı millәti,
Mәn yuxuda ol zaman çәkirdim rahәt lәzzәti,
Burnuma tikanları uzatdılar, oyanmadım.

Gördülәr yuxlamışam, hәr kәs sınadı gücünü,
Atlı atın üstümә, qurbağa saldı qıçını,
Hoppanıb Araz bu tay, yığıb dәrәnin bicini,
Hiylәbazlar tutdular bütün Qafqazın içini,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Biz fәqirә axırı rәhm elәyib biganәlәr,
Açdılar mәdrәsәlәr, klub, qiraәtxanәlәr,
Yazdılar kitab, qәzet, xәrc etdilәr xәzanәlәr,
Molla Nәsrәddin dedi hәr hәftә bir әfsanәlәr,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

“Biz nəyik?”

Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.

Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.

Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!

Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyir

ik.

O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.

***

“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.

Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır.

Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü görülür”.

Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.

Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi … başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.

Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M.Toppuzov, – o camaatın içi boşdur.

Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, – o millətin içi boşdur.

Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.

Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, – hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.

Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.

***

Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.

Mən ölüm üstünü açma.

“Bu gün Kərbəla Azərbaycandır” məqaləsi

Necə qan ağlamasın daş bu gün,
Qırxılır gör neçə min baş bu gün!

Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.

Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.

Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın filan şəhərində gün tamamən tutulacaq. Qabaqca həmin şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərirlər ki, günün tutulmaq sirlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.

Aşura işlərimiz Avropanın nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə piş-əzvqət hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.

Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvələn, əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?

İkinci, həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncüsü, səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan, bunların içində bir nəfər də maarif əhli görsənmir?

Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bir səs gəldi:

– Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucbatından ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü-fəryadı bugünkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır.

Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn evladına Rüstəm nəslinə yaraşan igidlik deyil.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır.

 

“Axund ilə keşişin vəzi”

Irəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır.

Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.

Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu.

Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.

Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.

Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı.

İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.

Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.

Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.

Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub.

Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.

Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir.

Molla Qurbanqulunun əlində bir kitab var idi.

Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

– Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”.

Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi.

Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Keşişin belə səsi gəlirdi:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”

Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.

Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”

Molla Qurbanqulu kəndlilərə deyirdi:

– Ağacın altında, suyun qırağına bövl etmək* yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər.

Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.

İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım…

“Dəllək”

Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
-Axı, Kərbəlayı Qazımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.
-Bala, get sən də burnunu qanat! – anası Məmmədvəliyə dedi.
Məmmədvəli

getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa.
Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə:
-A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik – kəsilmir; gəl bəlkə sən bir çarə tapasan.
Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb başladı axmağa.
-A kişi, qaç bazara – övrəti başladı uca səslə Sadıq kişiyə deməyə. – Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səritştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir.
Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü.
Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqalibində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi:
-Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.
Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi:
-Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi!!! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmısan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!
Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi:
-Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğluvun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndialəm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz.
Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:
-Usta, allah atana rəhmət eləsin.
Və Usta Hüseyn pulu alıb cavab verdi:
-Allah sənin də atana rəhmət eləsin.
Sadıq kişi üz qoydu evinə getməyə.
Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi.

Cəlil Məmmədquluzadə.

Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.
Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tu

tub dedi:
– A kişi, durma, min ulağı, get Zibeydəni gətir.
Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir; o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşbaş” oynayırlar.
Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi:
– Vallah, dədə qoymayacağam gedəsən!
Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu:
– Bala, niyə qoymursan gedəm?
Pirverdi cavab verdi:
– Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram.
Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi:
– Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim.
Pirverdi quyruğu əlindən ötürdü.
İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlasa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan.
Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə.
Molla Cəfər Qasım əmini evini aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə:
– Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox-övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var-hamısıni daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər?
Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi:
– Axund Molla Cəfər, yaxşı fərmayış buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmərəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm çanın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır.
– Ax, vay gününə Qasım əmoğlu, – Molla Cəfər deyir.
Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi:
– Qasım əmoğlu, əlini mənə ver.
Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi.
– Qasım əmoğlu, əlini ver mənə.
Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə.
– Qasım əmoğlu, qoy səni evləndirim.
Qasım əmi ancaq başını buladı, amma bir söz demədi.
– Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur.
Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin hamam ulağa və aparsın evinə. Qasım əmi gənə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu.
Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevinçək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi:
– Zibeydə xala, mənə xoruz gətirdin?
Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə…
Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım.

“Yan tütəyi”

Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi; yəni şikayətə gələn kəndlilərin sözünü naçalnikə rusca tərcümə elərdim, naçalnikin də cavabını türkçə yetirərdim kəndlilərə. Şikayətçi olmayan vaxtda da naçalnik tərəfindən pristavlara və yüzbaşılara hökmlər və qeyri kağızlar yazardı

m və kağızları öz əlimlə yazandan sonra verərdim naçalnik qol çəkərdi, göndərərdik öz yerinə.
Bir gün divanxanada oturub yazı yazırdım. Yoldaşlarımın çoxu ruslar idi; ancaq bir-iki nəfər müsəlman mirzələri hərə öz işinə məşğul idi. Günorta vaxtı idi. Burada birdən mənim başıma bir iş gəldi; oturduğum yerdə akoşkadan gördüm ki, divanxana həyətinə çoxlu kənd camaatı gəlməkdədir. Bu təbiidir. Yaraşar ki, qəza naçalniki divanxanasında həmişə kəndli olsun, amma məni təəccübləndirən iki şey oldu. Biri bu idi ki, kəndlilərin bir çoxunun əlində bir şey görürdüm: uzaqdan çubuq sapına oxşadırdım, amma akoşkaya yavıq gəldim və diqqətlə baxıb gördüm ki, kəndlilərin əlindəki yan tütəyidir.
Təəccüb! Məgər bunlar hamısı çobandırlar?! Və əgərçi çobandırlar, tütəklərini niyə əllərində gətiriblər və nə münasibətlə buraya bu gün cəm olublar və kim bunları çağırıb?..
Mən, – necə ki naçalnik dilmancı, – borc bildim, çıxam həyətə və bu əhvalatdan xəbərdar olam, həyətə çıxan kimi camaat töküldü üstümə və başladı şikayətə:
– Ay ağa, bizə naçalnik ağanın rəhmi gəlsin. Biz Gərməçataq camaatındanıq. Həyə bu tütəkləri istəyirsiniz, bax beş-on dənə yığıb gətirmişik. Vallah, billah tapılmır, çobanların çoxu dağdadır; hərə öz tütəyini götürüb aparıb. Sarvanlar kəndinə də adam göndərmişik deyirlər: orda ustası var, olsa qayırtdırıb gətirəcəklər. Yoxsa İrəvanı vurduq bir-birinə, ancaq beş-üç dənə tapdıq.
Mən bir şey başa düşmədim; çünki nə qədər fikir eləyirdim yadıma düşmürdü ki, naçalnik divanxanası Gərməçataq camaatından yan tütəyi istəmiş olsun və niyə istəsin? Mən bu fikrimi camaata deyəndə qabaqda duran kəndlilər belə bəyan etdilər ki, guya naçalnik divanxanasından hökm göndərilib. Gərməçataq yüzbaşısına ki, bu gün, yəni iyun ayının ikisində, İrəvandakı kazak qoşunundan ötrü əlli dörd dənə yan tütəyi camaatdan yığıb göndərsin.
Mən daha da təəccüb elədim və soruşdum ki, bəs hanı naçalnik hökmü və yüzbaşı özü haradadır?
Bu heyndə bir kazak böyüyü, yanında bir neçə kazak, onların dalınca Gərməçataq yüzbaşısı Əbdül Kərim, əlində şallaq, onun dalınca yasovulu Heydərli və bunların da yanlarınca bir neçə nəfər Gərməçataq ağsaqqalı hücum çəkdilər divanxanaya və kazak böyüyü qeyzli, uca səslə naçalniki soruşdu və cavab almayıb, soxuldu naçalnikin kabinəsinə, yanındakılar da bunun dalınca.
Burada məni təəccübləndirən bu oldu ki, indi gələn kazakların birinin əlində dörd dənə “fleyta”, yəni yan tütəyi vardı. Bunlar, daha çobanlar çaldığı sadə yan tütəyi deyildilər; çünki “fleyta” dedikdə düyməli, uzun və şəvə kimi qara tütəklərdi ki, əsgəri musiqi dəstəsində bunun öz yeri var.
Çox qəribə! Kəndlilər bir yandan, bu kazaklar da bir yandan, bunlar hamısı bu gün bizə yan tütəyi daşıyırlar.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam, burada naçalnikin çox uca və çox acıqlı səsini eşitdim:
– Mirzə Abbas! (Məni çağırırdı.)
Cəld özümü yetirdim naçalnikin otağına və gördüm ki, kazak böyüyü əyləşib naçalinikin yanında, o qalan adamlar da kənarda səf çəkib durublar. Naçalnik elə bir halətdə mənim üzümə baxırdı ki, deyirdim bu saat durub məni yeyəcək. Hirsindən kişinin gözləri qızarmışdı və mənə bir qədər dik-dik baxandan sonra əlini stolun üstə təfəf uzatdı və soruşdu:
– Bu nədi?
Mən kefli adam kimi, qabaqca stolun üstündə bir şey görmədim; amma stolun üstündəkilər haman dörd dənə fleyta idi (yəni yan tütəkləri idi) ki, bayaq kazakların əlində görmüşdüm.
Naçalnik bir də dedi:
– Bu nədi?
Mən cavab verdim ki, bunlar fleytadır, yəni yan tütəyidir. Naçalnik belə giley-güzar başladı:
– Bəs sən ki, keflənməyə adətkərdə imişsən, nə cürət eləyib mənim idarəmə qulluğa gəldin?
Mən cavab verdim:
– Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və eləyə də bilmərəm.
Elə ki bu zöz mənim ağzımdan çıxdı, naçalnik yerindən dik atıldı, stolun üstündən bir yazılmış kağız götürdü və mənə tərəf bir qədər əyilib az qaldı kağızı soxa mənim ağzıma və çığırdı:
– Oxu!
İndi mənim yadımda deyil ki, mən o kağızı necə oxudum; çünki gözlərimi toz bürümüşdü. Amma kağızın məzmunu belə idi:
“Hökm. Gərməçataq yüzbaşısına, İrəvan qəza naçalniki tərəfindən. Hökm edirəm, əlbəttə və əlif əlbəttə iyun ayının ikisində İrəvan şəhərinə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şəriflərinə əlli dörd dənə yan tütəyi (fleyta) camaatdan yığıb göndərəsən; çünki haman qoşunlar haman tarixdə haman yan tütəklərinə minib Kənakir kəndinə yaylağa gedəcəklər və məbada-məbada bu işi, təxirə salasan ki, məsuliyyət altına düşəsən. Vəssalam.”

İrəvan naçalniki Petrov”.

Demək, həmin hökm yazılıb bizim divanxanadan, hökmə qol çəkib həmin bizim naçalnikimiz Petrov və hökmü də öz dəst-xətti ilə yazan kimdir? Mən bədbəxt, mən yazıq, mən başıbəlalı Mirzə Abbas Fərzəliyev, yəni İrəvan naçalnikinin dilmancı.

***
Hə, yavaş-yavaş huşum başıma cəm olur və indi yuxu ilə həqiqəti seçirəm. İndi bilirəm ki, günah kimdədir, kimdə deyil. Və ancaq indi qanıram ki, mətləb nə üstədir və indi görürəm ki, bu fəsadı törədən kim imiş.
Vallah-billah, əgər naçalnikin yerinə mən olsaydım, yapışardım bu lənətə gəlmiş dilmanc Mirzə Abbasın boğazından (yəni özümü deyirəm ha) və o qədər sıxardım ki, boğulardı və boğulub öləndən sonra ağlı başına gələrdi.
Əhvalat belə imiş: hər kəs istəyir həmin qilü-qalın əslindən xəbərdar olsun, aşağıda yazılan bir neçə sətri zəhmət çəkib oxusun.

***
İki ay bundan qabaq naçalnikdən izn alıb getmişdim kəndimizə anamın ziyarətinə. Orada mən bir həftə qaldım, amma necə qaldım? Əmoğlum Pirvərdinin bərəkətindən, elə yadıma gəlir ki, kəndimiz, behiştin bir güşəsi idi. Pirverdi bir məharətlə yan tütəyi çalırdı ki, onun çalmağına qulaq asanda mənim yemək-içmək yadıma düşmürdü.Əmoğlumun peşəsi qoyun saxlamaq idi və qoyunları da kürd çobanlarına tapşırmışdı. Bununla belə özü də həmişə qoyunlarının yanında olardı və qeyri çobanlar kimi bu da yan tütəyini çalmağı adət eləmişdi. Amma Pirverdinin çalmağı özgə bir çalmaq idi və çox ittifaq düşərdi ki, qonşu kəndlərdən bunun yan tütəyi çalmağına qulaq asmağa gələrdilər və mənim özümün bu çalğıya o qədər həvəsim vardı ki, daha doya bilmirdim. Axırda mən özüm də belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başlayım yavaş-yavaş çalmağa ki, bəlkə, pənah Allaha; mənə də elə xoşbəxtlik üz verdi ki, mən də Pirverdi kimi çalan oldum. Əmoğlum bu xəyalımı bilən kimi öz yan tütəyini bağışladı mənə və mənim bir həftə məzuniyyətim qurtarandan sonra tütəyi səliqə ilə basdım pambığın arasına, qoydum bir balaca qutuya ki, yolda arabada sınmasın və gəldim İrəvana. Burada mənzilimdə qutudan tütəyi çıxartdım və üst-başımın tozunu silməmiş və yoldan rahat olmamış, başladım tütəyi çalmağa.
Amma heyif, nə qədər püfləyirəm, tütək heç bir səs vermir. Dodağımı gah belə tuturam, gah elə tuturam, yavıqdan çalıram, gah bir az uzaqdan ürürürəm. Tütək körük kimi fısıldayır, ancaq bir səs çıxartmır.
Daha yorulub bir qədər məyus oldum. Tütəyi qoydum stolun üstünə, çıxdım getdim divanxanaya. Qulluğumu qurtarıb gəldim evə və çörəkdən qabaq genə götürdüm tütəyi və genə istədim çalam. Xeyr, çalınmır.
Dedim bəlkə tütək yolda xarab olub. Diqqətlə o təfəf-bu tərəfə baxdım. Xeyr, xalamatdır; amma çalınmır. “Allahü-əkbər”. Genə yoruldum və qoydum kənara. Çörək yedim və çıxdım getdim gəzməyə və qayıdıb gələndən sonra genə istədim imtahan eləyim. Xeyr, çalınmır. Barı pərvərdigara, bu nə bədbəxtlik?! Niyə sən məni elə bir nemətdən məhrum qılırsan ki, o neməti sən hər bir çobana kəramət eləmisən? Mən nə günahın sahibiyəm! Və belə-belə Allahı çağırmaq genə bir fayda bağışlamadı; çünki bu xeyir-duadan sonra nə qədər əlləşdim, tütəyim çalınmadı.
Yada salıram Pirverdinin şalmağını: tütəyi belə tuturdu, sağ əlini belə qoyurdu, sol əlilə belə yapışırdı, barmaqları burada olurdu, dodaqlarını belə yumurdu. O ki bunları belə eləyirdi, mən də belə eləyirəm, bəs niyə bu şogərib tütək onun əlində çalınsın, mənim əlimdə çalınmasın?..
***
Bir gün səhər yerimdən durdum, geyindim, tez bir stəkan çay içdim ki, gedim divanxanaya qulluğuma və ehtiyat üçün tütəyi götürdüm, dayadım dodağıma. Aha!.. Qurban olduğum tütək çalındı; yəni bundan bir səs çıxdı. Haman səs idi ki, Pirverdinin kəndimizdə çalmağını yada salırdı.
Ax, haradasan əmoğlu, səni bir qucaqlaya idim və basa idim bağrıma, doyunca öpə idim!..
Saata baxdım: qulluğumun vaxtından yarım saat keçirdi. Tütəyi bir neçə dəfə öpdüm, səliqə ilə qoydum qutuya və qaçdım küçəyə.
Pəh-pəh, nə gözəl dünya! Günün istisi, küçənin tozu; adamların yaxşı, ya pis hərəkəti, dağ, daş; otlar və ağaclar, guya bunların hamısı bu gün dilbir olublar ki, mənə mübarəkbadlıq versinlər ki, bu gün mənim tütəyimin səsi çıxıbdır.
Divanxanaya yetişdim, yoldaşlarımın hamısına salam verdim və bir-ikisinin qulağına pıçıldadım ki, bu gün mənim tütəyim çalınıbdır. Oturdum, kağız-kuğuzu çıxartdım, başladım yazmağa. Amma hər nə ki yazıram, – heç bilmirəm nə yazıram, hər kəslə danışıram, – bilmirəm nə danışıram; çünki fikrim tütəyin yanındadır. Saatı çıxardım qoydum stolumun üstə ki, görüm saatın şümarələri1 nə vaxt gəlib, 3-ün üstündə duracaqlar ki, börkümü götürüb qaçım evə.
Bu arada naçalnik məni çağırdı və belə dedi:
– Götür, bu saat bir hökm yaz Gərməçataq yüzbaşısına ki, iyun ayının ikisində əlbəttə və əlif-əlbəttə Cəfərabad məhəlləsində olan kazak qoşununun böyük əfsəri polkovnik Afanasyevin hüzuri-şərəfinə əlli dörd dənə araba camaatdan yığıb göndərsin; çünki qoşunlar haman tarixdə, haman arabalara minib Kənakir kəndinə yaylağa gedəcəklər və bu işi məbada təxirə salasan ki, məsuliyyət altına düşərsən. Vəssalam.
Mən naçalnikə “baş üstə” deyib getdim. Hökmü yazdım və gətirdim naçalnikin qabağına qoydum. O da bir-iki sətir başdan və bir-iki söz axırdan oxudu və qələmi götürüb qol çəkdi, qaytardı mənə; amma bircə bunu dedi ki, “tez, tez, bu saat göndər”.
Hökmü haman dəqiqə dəftərə saldılar, qoydular paketə və göndərdilər.
Amma araba nədir, zad nədir? O gün mənim beynimə belə-belə sözlər çox çətin girə bilərdi; çünki o gün mənim fikrim-zikrim məhz yan tütəyinin yanında idi. Və o gün məndən ötrü yan tütəyindən savayı heç bir şey yoxdu və ola da bilməzdi. Və gör o günü məndə olan yan tütəyinin eşqi nə qədər qəliz imiş ki, naçalnikin hökmündə “araba” əvəzinə “yan tütəyi” yazmışam. Hökm de gedib Gərməçataq yüzbaşısına çatandan sonra, o da hökmü verib mirzəsinə oxudub və camaata xəbər veriblər ki, naçalnik camaatdan əlli dörd dənə fleyta, yəni yan tütəyi istəyir. Hamı məəttəl qalıb, aya, bu qədər yan tütəyini haradan yığmaq mümkündür və aya, görəsən qoşuna bu qədər yan tütəyi nə lazımdır; çünki axı yan tütəyini minmək olmaz! Bu at deyil, eşşək deyil. Və axırda yüzbaşı və kənd mirzəsi ki, camaat içində hamıdan çox, bilən imişlər, camaatı başa salırlar ki, yəqin qoşunların musiqi dəstəsinin çalğılarının xərcini hökümət istəyir kən camaatının öhdəsinə qoysun.
Bir qədər də danışdıqdan və məsləhətdən sonra belə qərar qoyurlar ki, camaat içindən üç nəfər ağsaqqal seçib göndərsinlər şəhərə ki, bazarı gəzib nə qədər tapsalar, yan tütəyi alsınlar və çobanlardan da hər nə bacarsalar yığıb aparsınlar. Bundan əlavə qubernata da bir ərizə yazdırsınlar ki, bundan sonra qoşunların musiqi dəstəsinin xərcini camaatın üstünə yıxmasınlar; çünki Gərməçataq camaatı çox kasıbdır.

***
İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kənakir dağına yaylağa gedəsi idilər və İrəvan naçalnikindən haman gün əlli dörd araba istəmişdilər və naçalnikdən kazak böyüyünə cavab gəlmişdi ki, lazımı qərardad olunub və vəqti-müəyyəndə əlli dörd araba hazır olacaq.
Haman iyunun ikisində arabalar gözlənilən vaxt kazak böyüyü polkovnik Afanasyevə ərz edirlər ki, Gərməçataq yüzbaşısı dörd dənə fleyta gətirib. Polkovnik bu işə təəccüb edir və fleytaları qəbul etməyib, arabaları soruşur. Yüzbaşının da ki, arabadan xəbəri yox. O da naçalnikin hökmünü nişan verir. Hökmdə də araba yazılmayıb, yan tütəyi yazılıb.
Polkovnik bir neçə dəfə ayaqlarını yerə döyəndən sonra və yüzbaşının atasını və anasını bir neçə dəfə söyəndən sonra yüzbaşını da, onun yasovulunu da və gətirdiklrəri yan tütəklərini də götürüb, bir neçə kazak əsgərləri də onların dalınca gedirlər naçalnik divanxanasına ki, görsünlər bu nə əməldir.
Xülasə.
Amma naçalnikin və mənim başıma bu mərəkəni açan yan tütəyindən də axırda elə bir mətləb hasil olmadı; axırda belə məlum oldu ki, yan tütəyi çalmaqda əmoğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayi-taaladan qismət deyilmiş.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı tütəyi bilmərrə gözdən saldım.