“Orucu batil eləyən şeylər”

Mәrvdә cәnab mövlana hacı Mәhәmmәd Bağır ağa hәr gün mәsciddә minbәri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min
peyğәmbәrә and içә-içә camaatı inandırır ki, qәzet oxumaq orucu batil elәr. Mәn bilәsi bu mәsәlәyә diqqәt elәmәk lazımdır.

Tutaq ki, Lәnkәranda sәrçeşmeyi-ülumi-rәbbani fәxrülülәma hacı Cabbar ağa Nәsirbәyovun müridlәri bu günah әmәldәn
uzaqdırlar; amma yenә oruc tutanlardan gah bir qәzet oxuyan mәnim gözümә sataşır. Mәgәr bunlar yazıq deyillәr?!

Bәs bu mәsәlәni açmaq lazımdır ki, hәr kәs öz tәklifini bilsin; yoxsa belә olmasa, yәqin ki, çox keçmәz, Mәrv mәscidinin
minbәrinin kәrpiclәri “ağa”nın şapalaqlarının zәrbindәn uçub tökülәr camaatın başına.

Bu barәdә mәn, Molla Nәsrәddin, bir söz danışmayacağam. Mәn onu bilirәm ki, mәnim sözüm camaat içindә bir pula getmir!
Mәn bilirәm ki, camaat mәni kәmetiqad hesab edir; söz yox, o qәdәr tas quran, fal açan vә ilan oynadanlara lağ elәdik ki, axırı
bu günә düşdük.

Bәs mәn, Molla Nәsrәddin, oruc tutanların qәzet oxumağı barәsindә bir söz danışmayacağam; amma, görәk, özgәlәr nә deyirlәr?

Rusiyada çıxan müsәlman qәzetlәri vә habelә qonşumuz “İrşad” bu barәdә çox sözlәr danışıblar. Amma mәnim bunlarnan da
işim yoxdur.

Keçәk Tәbrizә vә görәk islam alәminin mәrkәzi vә ülәmanın mәdәni hesab olunan şәhәrdә çıxan “Әdalәt” ruznamәsi bu barәdә
nә deyir? Hәmin ruznamә 18-ci nömrәsindә üzünü tutub müsәlmanlara vә bir neçә şey onlardan soruşur. Ruznamә soruşur: “Ay müsәlmanlar, mәn ölüm, lotu-lotuyana deyin görüm, hansıdır orucu batil elәyәn şeylәr?

1.Әvvәla, deyin görüm ruznamә oxumaqmı orucu batil elәr, ya adam öldürmәk, qumar oynamaq, mәrdümazarlıq, rüba yemәk,
şeytançılıq, oğurluq, cibgirlik, dәstәbazlıq?

Әgәr bu saydığımız әmәllәr orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin yüz hissәsinin doxsan doqquz hissәsi nahaq
yerә zәhmәt çәkib, oruc tuturlar? Әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәb batil elәsin vә halonki biçarә ruznamә yazanlar millәt
vә insaniyyәt yolunda gözlәrinin nurunu töküb, axırda “lәnәt”dәn savayı bir şeyә sahib olmurlar.

2. Saniyәn, deyin görüm, qәzet oxumaqmı orucu batil elәr, yainki minbәrin üstә çıxıb, min gunә yalanlar vә büzurgüvar
peyğәmbәrimizin vә әimmeyi-әtharın barәsindә yüz min cür iftiralar demәk?

Әgәr hәmin yalanlar vә iftiralar orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin ülәmasının yüz hissәsinin doxsan doqquz
hissәsi nahaq yerә zәhmәt çәkib, oruc tutur vә әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәbә batil elәsin vә halonki ruznamәlәr
yüz illәrlә yatmış millәtin vә mәmlәkәtin qulağına dirilik şeypuru çalıb, hәmişә xalqı mövhumat vә mühәmmәlatdan xәbәrdar vә
hal-hazırın ehtiyacatına vә zәmanәnin tәqazasına vaqif etdirmәkdәdir.

3. Salisәn, deyin görüm, qәzet oxumaq orucu batil elәr, yainki yetim vә acizlәrin malını әlindәn alıb, qanlarını sormaq?

Әgәr bu işlәr orucu batil elәyirlәrsә, bәs nә sәbәbә İranın hakimlәri, ülәması, Qafqazın ağaları vә hacıları nahaq yerә zәhmәt
çәkib oruc tuturlar? Әgәr elәmirlәrsә, dәxi bәs ruznamәlәrin günahı nәdir ki, hәmişә politika meydanında qәlәm vurub, millәtin vә
mәmlәkәtin hüququnu gözlәmәkdә canfәşanlıq edib, әcnәbi millәtlәr içindә öz millәtinin üzünü ağ vә başını uca elәmәkdәdir.

4. Rabiәn, deyin görüm, ruznamә oxumaqmı orucu batil elәr, yainki şәriәti oğurlamaq?

Әgәr şәriәti oğurlamaq orucu batil edirsә, bәs niyә müsәlman alәmindә zahid vә fazil libasına girәn zalimlәr, cabirlәr, xainlәr,
rәislәr vә alimnümalar minbәrә qalxıb, lәğv vә batil mәsail, saxta әhadis vә әxbar düzәldib, hәmin mәsail vә әhadisin nisbәtini,
nәuzübillah, peyğәmbәr vә imamlara verib, bu vasitә ilә avamı cәhalәtdә saxlayırlar?

Vә әgәr şәriәti oğurlamaq orucu batil elәmirsә, dәxi ruznamә nә sәbәbә batil elәsin vә halonki camaatın bәsirәt gözünü açıb,
dostla düşmәnini tanıtmaqdan savayı ruznamәnin heç bir tәqsiri yoxdur”.

Molla Nәsrәddin öz tәrәfindәn:

Mәn qabaqca әrz elәdim ki, bu barәdә mәn bir söz danışmayacağam. Amma hәmin mәsәlә ariz olandan indiyәdәk bәndәyә bir
neçә kağız göndәrib soruşurlar ki, nә sәbәbә biz mollalar qoymuruq camaat qәzet oxusun?

Mәnim cavabım:

Bunun tәk bircә sәbәbi var: vallah, billah, taalah, and olsun yerә, göyә, ulduzlara, bunun sәbәbi mәhz budur ki, camaat ruznamә
oxumağa başlasa, dәxi biz mollaların bazarı kasad olacaq. Vәssәlam.

Qәrәz … bunlar keçәndәn sonra … bunların heç birindәn mәnim ağlım bir şey kәsmir. Qorxuram axırda heç bir şey çıxmaya.
Qorxuram axırda ruznamә oxumaq da orucu batil edә, oruc tutmaq da ruznamә oxumağı batil edә.

Bizim Qafqazda sazanda mәclisindә hәrdәn bir cür muğamat çalırlar. Birisi düşür oynamağa, oturanlar çıtmıq çalırlar, xanәndә dә
başlayır bu sözlәri oxumağı:

Dәrәdә yatmış idim, oyatdılar, oyanmadım,
Burnuma tikanları uzatdılar, oyanmadım.
Bomba, parthapartnan top atdılar, oyanmadım.
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Şәhrimizdәn cәm olub cavanlar, naz ilәn gәlib,
Qumarbaz, uşaqbazlar matışkabaz ilәn gәlib,
Mar, meymun oynadan söhbәtü saz ilәn gәlib,
Mütrübü xoşlәhcәlәr pәk xoş avaz ilәn gәlib,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Qarışdı aralıqlar, qopdu mәhşәr qiyamәti,
Müsәlmanlar bir-birin qırdı unudub qeyrәti,
Hәr “gәlәn” alim olub, çapdı-taladı millәti,
Mәn yuxuda ol zaman çәkirdim rahәt lәzzәti,
Burnuma tikanları uzatdılar, oyanmadım.

Gördülәr yuxlamışam, hәr kәs sınadı gücünü,
Atlı atın üstümә, qurbağa saldı qıçını,
Hoppanıb Araz bu tay, yığıb dәrәnin bicini,
Hiylәbazlar tutdular bütün Qafqazın içini,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Biz fәqirә axırı rәhm elәyib biganәlәr,
Açdılar mәdrәsәlәr, klub, qiraәtxanәlәr,
Yazdılar kitab, qәzet, xәrc etdilәr xәzanәlәr,
Molla Nәsrәddin dedi hәr hәftә bir әfsanәlәr,
Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Leave a comment