Yaradıcılığı

  •           Böyük ədibin həyat yolu kimi, yaradıcılığı da mürəkkəb, çoxcəhətli olmuşdur. O, bir müddət gərginideya-yaradıcılıq axtarışları aparmış, ədəbiyyatla bərabər teatr və mətbuata da meyl göstərmiş, Naxçıvanda və İrəvanda çox da ürəyindən olmayan inzibati işdə xidmət etmişdir.
  •           Yalnız illər uzunu davam edən zehni əmək sayəsində kasıb bir naxçıvanlının oğlu artıq doxsanıncı illərdə xalqının dərin zəkalı, geniş məlumatlı vətənpərvər simaları cərgəsinə keçməkdəydi. O, sonralar yazırdı: “Hər nə işə gedirdimsə, gərək bir yekı kağız əlimə alıb, hekayədən, nağıldan cızma-qaralayaydım”. Deməli, hələ ilk cavanlıq illərində onun yazıçılığa böyük meyli varmış. Həyat hadisələrini diqqətlə müşahidə etməsinin, ictimai mühiti, rastlaşdığı adamların məişətini, görüşlərini, danışıq və xasiyyətini dərindən öyrənməsinin əsas sirri idi.
  •           Xəlqi əhval-ruhiyyə sahibi olub, vətənin dərdlərini ürəyini salan ədib, eyni zamanda, yazıçılığın böyük mənəvi, sənətkarlıq hazırlığı tələb etdiyini, çox oxumaq, çox düşünmək, çox yazmaq lazım gəldiyini də bilirdi.
  •           Azərbaycan klassikləri ilə bərabər, Şərq və Qərbin böyük sənətkarlarını, böyük filosoflarını, tələbəlikdən oxuyub öyrənməyə başlayan Mirzə Cəlil bu işə 80-90-cı illərdə daha ciddi fikir verir.

          Dünya mədəniyyəti gənc yazıçının təşəkkülünə, kamilləşməsinə kömək edən bir amil, fikir xəzinəsi olsa da, onun fikrincə hər bir milli mədəniyyətin öz qiyməti, öz gözəlliyi vardır. Müasirlərindən bəzilərinin milli nihilizmindən, yəni öz mədəniyyətinə dodaq büzüb xarici mədəniyyəti göylərə qaldırılmasından fərqli olaraq Mirzə Cəlil və məsləkdaşları üçün birinci növbədə doğma klassiklər, onların irsi, ənənələri əziz və qiymətli idi; dünya mədəniyyəti isə onlara doğma mədəniyyəti daha uğurla inkişaf etdirmək, dünya miqyasına çıxmaq üçün lazım idi. O aydın görürdü ki, vətənində “Pəhləvani-zəmanə”, “Bəxtsiz cavan”, “Nadir şah”, “Gəlinlər həmayili”, “Səyahətnameyi-İbrahim bəy” kimi əsərlər yazılmaqda, səhnəyə qoyulmaqda, nəşr olunmaqdadır. Əhali arasında savadlılar artdıqca yazıçıların qədir-qiyməti, onların qarşısında qoyulan tələblər də artır. Xüsusilə doğruçu, xalqa sədaqətli yazıçılara ehtiyac çox böyükdür. 

          Onu ədəbiyyat, incəsənət və mətbuata bağlayan digər mühüm amil vətənin, xüsusilə Naxçıvanın ziyalılar mühiti idi.

          Ədəbiyyata və mətbuata gəlişi. İlk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Jurnalist Məmmədquluzadə məqaləsində öz məfkurəvi simasının bəzi mühüm tərəflərini, ən əvvəl, xalqa bağlılığını ifadə etmişdi. O, “zəhmətkeş insanların” alın təri axıtmaları, “öz qabarlı, kobud əlləri” ilə saldıqları meyvə bağlarını əldə saxlamaq üçün çəkdikləri əzab-əziyyəti göstərmişdi.

          XX əsrin ilk illərində azadlıq, demokratiya, mədəni tərəqqi uğrunda mübarizələrin sürətlə yüksəlməsi dövrün yüzlərlə, minlərlə xadimləri, yazıçı və mütəfəkkirləri kimi, Məmmədquluzadə üçün də o vaxta qədərki bütün ideya hazırlığından qat-qat güclü, əhəmiyyətli oldu.

          Zaman ədibi xalqına daha da yaxınlaşdırdı. Sadə, əməkçi insanın duyğu və düşüncələri, arzu və dərdləri, bugünü və sabahı, bir sözlə, taleyi ilə bağlı mövzular, problemlər artıq aydın bir şəkildə onun yaradıcılığının ana xəttinə çevrilirdi. Bu baxımdan ədibin ilk mətbu hekayəsi “Poçt qutusu”dur. Dünya ədəbiyyatında hekayə janrının ən gözəl nümunələrinin sayılan, bir neçə dildə nəşr edilib yayılan bu hekayə C.Məmmədquluzadəni sadə Azərbaycan kəndlisinin dostu və xeyirxahı kimi məşhurlaşdırır. 

          Hekayənin məzmunu da, quruluşu da cazibəlidir, təzədir. Süjeti ustalıqla inkişaf etdirilən bu əsər qeyri-adi bir sonluqla qurtardığından bir sıra alim və oxucuların “Poçt qutusu”n novella hesab etmələrində həqiqət yox deyil. 

          Baş surətlər olan Xan və onun rəiyyəti Novruzəli müəllifin satirik məramla qəsdən “İtqapan” adı verdiyi kənddəndirlər. Zahirən sakit, qayğısız görünən bu kəndin həyatı, adamların məişəti, bir-biriləri ilə rəftarı o zamankı kəndin tipik mənzərəsini canlandırır. Burada, bir el məsəlində deyildiyi kimi, “bəyin bəy yeri var, kəndlinin kəndli yeri”. Bu, insanların danışığında, bir-birinə müraciətində, rəftarlarında da hiss olunur. Xüsusilə Novruzəlinin kəlməbaşı xana “qadan alım”, “xan başına dönüm”, “sənsiz mənim bir günüm olmasın!…”, “qurban olum sənə” deməsi onun xarakterinin açılmasına çox kömək edir.

          Novruzəli o qədər avamdır, dünyadan o qədər bixəbərdir ki, bəyin məktubunu poçt qutusuna salandan sonra bilmir çıxıb getsin, ya dayanıb qutunun keşiyini çəksin. Elə bu vaxt rus poçtalyonun gəlib poçt qutusundakı məktubları aparması ilə başlanan konflikt onun həbs olunması ilə nəticələnir: “Yazıq Novruzəli bir neçə dustaqlar ilə oturub … uşaq kimi ağlayır, gözünün yaşını ətəyi ilə silir”.

          Xanın xahişi ilə buraxılan Novruzəli olub keçən əhvalatı məzlum-məzlum nağıl eləyib “Başına dönüm, xan, … bir kətdi adamam, mən nə bilirəm kağız nədi, qutu nədi, poçt nədi?” – deyəndə və hadisəni “İşdi, belə oldu. Bunlar hamısı Allahdandı. Gərək belə olaymış” kimi mömin müsəlman şüuru ilə bağlayanda, kiçik bir parçada nə qədər mətləbə toxunulur!..

          Novruzəli avamdır, itaətkardır, səmimidir, Allaha inanandır və i.a.

Mirzə Cəlilin çox oxunan, çox sevilən əsərləri arasında “Qurbanəli bəy”, “İranda hüriyyət” (1907), “Quzu” (1914), “Zırrama” (1923), “Xanın təsbehi”, “Konsulun arvadı”, “Buz”, “Yan tütəyi”, “Şərq fakültəsi” (1924), “Bəlkə də qaytardılar” (1926), “Proletar şairi” (1928) və s. hekayələri də var. Həmin əsərlərin hərəsi müəllifin o illərdəki dünyagörüşününü mühüm bir cəhətini əks etdirmişdir.

          Ustalıqla yazılmış bu hekayələrin ideya məzmunu müxtəsərcə belə qeyd oluna bilər: “İranda hüriyyət”, adından da göründüyü kimi, 1905-ci ildə başlanmış İran inqilabının Qafqazdakı cənublu fəhlələr arasında oyatdığı fikirlərə, “Usta Zeynal” şəriət əsiri olan müsəlmanların “paklıq” və “murdarlıq” barədə təsəvvürlərinin məişətdəki gülünc nəticələrinə, “Qurbanəli bəy” tüfeyli çar məmurlarının, harın, lovğa, həm də yaltaq mülkədar və bəylərin həyat tərzinə, əxlaq normalarına satirik gülüş oyadır.

          Nasir Məmmədquluzadəni mətbuatda ilk dəfə qiymətləndirib ona xüsusi məqalə həsr edən böyük Azərbaycan alimi, pedaqoq və müəllim Firidun bəy Köçərli 1906-cı ildə “Usta Zeynal” hekayəsi barədə yazmışdı ki, bu gözəl əsərində müəllif dini mövhumatın müsəlmanlara necə böyük ziyan verdiyini maraqlı süjet vasitəsilə göstərir; o, Usta Zeynalların tənbəl, “fəaliyyətsiz, cəsarətsiz və axmaqcasına sadəlövh” olduqlarını dərin təəssüf və can yanğısı ilə qələmə alır.

          Hekayələrində Mirzə Cəlil özünəməxsus səmimi, təbii təsvir yolu ilə babası və övladı, qardaşı və bacısı sayıb halına qaldığı sadə insanlara demək istəyirdi ki, bu gedişlə, bu xasiyyətlə yaşamaqdan əl çəkməsəniz, sizi ağır günlər gözləyir. Dünayaya ayıq, iti gözlə baxmaq, ağıllı, fəal olmaq vaxtıdır. 

           Ədibin hekayələrində gülüşlə, komizmlə bərabər, göz yaşı, müsibət də vardı; bunlar üzvi surətdə birləşirdi.

           Dramaturgiyası.

           Cəlil Məmmədquluzadə, eyni zamanda, realist səhnə əsərləri ilə milli ədəbiyyatın inkişafına misilsiz xidmət göstərmiş dramaturq idi. Onun teatra şövqü cavanlıqdan başlamışdı. Seminariyada dünya dramaturgiyası ilə tanışlıqdan əlavə, tələbə dostları ilə Qori və Tiflisdə bir neçə səhnə əsərinə tamaşa eləmişdilər. Səksəninci illərdə isə Naxçıvan və İrəvanda Axundzadə komediyalarında oynayan həvəskar artistlərdən biri o olmuşdur. Cavanlıqda yazdığı “Çay dəstgahı”nın alleqorik dram şəklində olması da, sözsüz ki, onun bu sahədəki gələcək inkişafının rüşeymlərindən idi.

          Həmin inkişaf uzun illər ləngimişdi. Səbəbi ümumiyyətlə milli teatrın bina, aktyor qüvvələri, rejissor, səhnə ləvazimatı, geyim və s. cəhətdən təmin olunmaması, senzuranın törətdiyi maneələr idi. Amma bütün bunlar Mirzə Cəlili 1909-cu ildə, yəni “Molla Nəsrəddin” jurnalının artıq şöhrətləndiyi bir vaxtda “Ölülər” əsərini yazmaq fikrindən döndərə bilmədi.

          1909-cu ilin iyun ayında tamamlanan “Ölülər” M.F.Axundzadə və N.V.Qoqol ənənələri əsasında yetişib kamala çatmış realist bir sənətkar dühasının yaratdığı möcüzəyə bərabər əsər idi.

          Ötən əsrin axırı, yeni əsrin əvvəlindəki Azərbaycan həyatı üçün tipik və səciyyəvi lövhələr, təsirli, ibrətamiz hadisələr, canlı bədii surətlər, bütün bunların ifadə etdiyi humanist fikir və hisslər – “Ölülər” kimi qeyri-adi, ciddi, düşündürücü adı olan pyesin mündəricəsi belə idi.

          Çox mənalı və əhəmiyyətlidir ki, alimlərdən çoxunun, adətən, “komediya” hesab etdikləri bu əsəri müəllif özü əlyazmasında “faciə” adlandırmışdır. Əsərini yazandan yeddi il sonra Bakıda tamaşaya qoydura bildikdə o, “Ölülər”ə facianə rejissor-artist şərhi verilməsinə xüsusi çalışmışdı. Nə üçün? Ona görə ki, doğurdan da, “Ölülər” ədibin hərarətli oğul məhəbbəti ilə sevdiyi hacı həsənlərin, kərbalayı fatmaların qayğıları, sıxıntı və məhrumiyyətləri haqqında, vətənin gözəl, ağıllı, qabaqcıl, qeyrətli övladlarının – isgəndərlərin, nazlıların işıqlı mənəvi aləmi haqqında, dərdləri, xəyalları, arzu və diləkləri haqqında faciədir; təravətini bu gün də saxlayan, öz işini görən bir faciə!..

          Bütün yaradıcılığında olduğu kimi, “Ölülər”də də Mirzə Cəlili “müsəlman qardaşları”ın bir çox sosial, mədəni sahələrdəki geriliyi, mənəvi ehtiyacları, bəzən hətta aşkar gözə çarpan şikəstliyi, eybəcərliyi, habelə onların bu vəziyyətdən qurtarmaları, ağ günə çıxmaları tərəqqi və xoşbəxtliyi maraqlandırıb məşğul edirdi. Ədib acı həqiqətlərdən şirin xəyallar naminə danışırdı. Belə olmasaydı, heç onun narahatlıq və təşvişinin də mənası olmazdı. Nə dini xürafat, savadsızlıq, qəflət yuxusunda “ölülük” dərəcəsinə çatmış Hacı Həsən, Məşədi Oruc, Kərbalayı Fatma, Hacı Kərim barədə acı atmacaların xeyri olardı, nə də səhərdən axşama kimi evdə oturub anasından “bozbaş bişirmək dərsi” alan, günün işığından, bağçanın ətrindən, çəmənin ürəkaçan mənzərəsindən binəsib qalmış “gözəl Nazlı” barədə qəmli şikayətlərin… Nə xalqdan çox uzaq olan “mənsəb sahibləri” heydər ağalar, mirbağır ağalar barədə tikanlı sözlərin, nə müqəddəslik pərdəsi altında camaatın “başını piyləyən” rəzil, əxlaqsız Şeyx Nəsrullah, Şeyx Əhməd barədə qəzəbli ittihamların, nəhayət, nə də sevimli, “biçarə” həmvətənlərinin dərdindən şəraba qurşanıb “ölülər” dünyasına matəm marşı oxuyan İsgəndər barədə yanıqlı səhnələrin…

           Publisistikası.

          Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

                Publisist Məmmədquluzadənin yazılmamış, amma iş zamanı yaranmış mükəmməl proqramı vardı ki, oraya, məsələn, bu cür vəzifələr, mövzular, işlər daxildi: ədəbiyyat və mətbuat aləmində “yazı yazmağın ən birinci qanunu” hər bir kəsin “asan və tezliklə” başa düşə biləcəyi əsərlər yaratmaqdır. Vəzifə: xalqı vətən yolunda “əlahiddə səy və qeyrət göstərməyə” ruhlandırmaqdır. Vəzifə: “müsəlman qardaş”ın novruzəlilik və usta zeynallığına, yəni gerilik, avamlıq və mövhumatçılığına son qoymaq, onun mənəvi qüvvələrini inkişaf etdirməkdir; Molla Nəsrədddin kimi “haqq və həqiqəti dost tutmaq”, “böyükləri özündən incitmək”dən qorxmamaqdır; təkcə köhnəliyi dağıtmaqla yox, eyni zamanda, yeniliyi qurmaqla məşğul olmaq, xalqa “nicat yolu”nu göstərməkdir.

  •           Ədibin publisist əsərləri “Kaspi”, “Kafkaz”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Vozrojdeniye” və s. mətbuat orqanlarında, ən çox isə “Molla Nəsrəddin” jurnalında nəşr olunmuşdur.
  •           Məmmədquluzadə publisistikası həm həyati, həm də elmi-nəzəri bünövrə üzərində yaranıb inkişaf etmişdir. O, XIX əsrin və öz zəmanəsinin məşhur publisist və nəzəriyyəçilərinin mətbuat məsələlərinə dair qiymətli əsərləri ilə tanış idi və yeri düşdükcə onları hörmətlə yad edirdi.
  •           Milli mətbuatda publisistikanın müasir problemlərinin əməli həllinə, xüsusilə “Molla Nəsrəddin”də böyük yer verirdi. Onun “Azərbaycan”, “Millət”, “Mikroblar”, “Mustafa bəy Əlibəyov”, “Füyuzat”, “Necə qan ağlamasın daş bu gün”, “Filosoflar”, “Əhməd bəy Ağayev cənablarına”, “Rəhbər”, “İrşad”, “Tərcümanın fitvası”, “Tarix”, “Haman söz”, “Qəzetlərdən”, “İrani-nov”, “Hacı İbrahimov” və s. məqalələri bu jurnalda nəşr olunmuşdur.
  •           Bu əsərlərdə irəli sürülən və böyük ustalıqla şərh olunub əsaslandırılan çoxlu problemlərin burada ancaq bir qismini göstərmək mümkündür. Ədibin fikrincə, hər bir qələm sahibinin “öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”. Vətənin və xalqın halına qalıb qayğısını çəkmək, oxucuya tərəqqi və demokratiya uğrunda mübarizə ideyaları aşılamaq hər bir vicdanlı qələm sahibinin borcudur. Daxili siyasətində məzlum millətlərin düşməni olan, onların arasına ayrı-seçkilik, ögey-doğmalıq salan imperiya əleyhinə başlanmış mübarizədə qeyrətlə, fədakarlıqla iştirak etmək lazımdır. Hər bir millət öz həyatını özü istədiyi kimi, ədalətli əsaslarla qurmalıdır.
  •           Söz yox ki, buna nail olmaq çox çətin, mürəkkəb məsələ idi və bunu Məmmədquluzadə yaxşı bilirdi. O yazırdı ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi istiqlaliyyət və konstitusiyaya nail olmağın yollarını bilmədiyindən, hətta dost-düşmənin tanımadığından ən əvvəl onların siyasi görüşlərinin inkişafı barədə fikirləşmək lazımdır. Bizim qulağımızı lap uşaqlıqdan, beşikdə olanda “şeytan”, “xortdan”, “cin”, “qulyabanı” kimi mövhumi sözlərlə doldurublar. Çoxumuzun cəmiyyət qanunları barədə təsəvvürümüz ya yoxdur, ya da tamam zəifdir. Çoxumuz həyatda rastlaşdığımız yaramazlıqları “Allah işi”, ya da “Allahın bizə qəzəbi” kimi başa düşürük ki, bu, başımızın altına yastıq qoyur.
  •           Cəmiyyətin ümumi mənzərəsini, ümumi dərdlərini göstərməklə bərabər, Məmmədquluzadə və qələm dostları konkret müqəssirlər, xatakarlar, “qarnıyoğunlar” barədə də kəsərli yazılar və karikaturalar çap etdirirdilər. Jurnalda deyilirdi ki, “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir”; “Bakıda mağaza satıcılarının məvacibi az, zəhməti həddən artıq və rahatlığı əbədən yoxdur”; “İrəvanda Baxşəli xanın otuz iki para kəndi var; Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxili gəlir”; əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, … on hissəsini də qlava və pristava rüşvət və divan xərci”; “genə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur…”
  •           Beləliklə, dövrün bu cür acı həqiqətləri Məmmədquluzadənin həm “Molla Nəsrəddin” jurnalında, həm də şəxsi yaradıcılığında “aclıq”, “ölülər”, “matəm”, “faciə” kimi mövzuları dönə-dönə işləməsinə səbəb olur, bu isə onun ancaq ilk  baxışda şən və ürəkaçan görünən gülüşünə çox vaxt bir qüssə, kədər gətirirdi. Satirasının bu cəhətini ədib özü yaxşı izah etmişdir: “Nə bilim, bu nədir – torpaq məsələsi; bu nədir – əmələlər acdırlar, kəndlilər torpaqsızdırlar, kəndlər şkolsuzdurlar; viran olub vətənimiz, elimiz … əzilib əngimiz, sınıb belimiz; bəs biz ağlamayaq, kimlər ağlasın?!” (“Molla Nəsrəddin”, 1907, №41).
  •           Publisist Məmmədquluzadənin bəzi əsərləri vətənin və xalqın dərdlərinə göz yuman eqoist ziyalılara həsr olunmuşdur: “Batdağ”, “Xənnas”, “Məryəm xanım”, “Fərrux bəy Vəzirov” və s.
  •           Bu silsiləyə daxil olan “qəhrəmanlar” məsləksiz “intelligent” Mustafa bəy Əlibəyov, Avropanın məşhur Derpt universitetini qurtarıb elmi dərəcə ilə vətənə qayıdan həkim Əbdülxalıq Axundov, kef əhli olan mühəndis Fərrux bəy Vəzirov, dini-siyasi məcaraları ilə tanınan tatar xadimi Hacı Əbdürrəşid İbrahimov və b. idi. Məmmədquluzadə bu kimi ağaların pulu və ya qələmi ilə çıxan mətbuatın səciyyəvi xüsusiyyətini “böyüklər”ə tərifnamələr oxumaqda, yaltaqlıq, yalançılıq, ikiüzlülük etməkdə görürdü; belələrinə “məsləkini qara pula satanlar” deyirdi.
  •           Oxucuya bir ağsaqqal, bir müəllim kimi müraciətlərində ədib üçün ana dili məsələsi ən ciddi məsələlərdən idi. Bunun səbəbi o idi ki, ölkədəki mürəkkəb şəraitdə dilə müxtəlif, hətta bir-birinə zidd münasibət yaranmışdı. Özgə dillərdən alınma sözlərin sürətlə artması mütərəqqi, vətənpərvər ziyalıları bərk narahat etməyə başlamışdı.
  •           Belə bir şəraitdə meydana çıxan “Molla Nəsrəddin”in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzadə jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi. Sonralar o öz xatiratında yazırdı ki, məqsədimiz “dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi”. Jurnalın dil siyasəti onun qonşu və qardaş Şərq xalqları, habelə Rusiya müsəlmanları arasında yayılmasına da imkan yaratdı. Ədib yazır ki, “… məcmuəmiz türk ölkələrinə çox asanlıqla dağılıb öz sözünü onlara çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan dilidir. Onunçün də bu yolda biz bərk durmuşuq”.
  •           “Meymunlar” (1906) felyetonunda ədib həm məktəblərdə ana dilinin öyrədilməsinə yol verməyən hökuməti, həm də ana dilinə xor baxan yerli dövlətliləri başa salıb ayıltmaq üçün təkidlə belə suallar verirdi: “Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bizi hökumət qoymur. Bəs ana dilimizi istəməyi,ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?… Bəs kim bizi öz dilimizdən utanmağa və öz dilimizlə danışmağı ar bilməyə vadar edir? Məgər bunu da hökumət edir?”
  •           Ömər Faiqlə birlikdə “Molla Nəsrəddin”də dil məsələsinə necə ciddi yanaşdıqlarını və jurnalın bu sahədə mövqeyini nece düzgün müəyyənləşdirdiklərini ədib “Xatiratım” əsərində belə izah etmişdir: “Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmaqdıq. Birinci nömrəmizin baş məqaləmizdə yazmışıq ki, “Açıq ana dilində, açıq türk dilində yazmaq eyibdir, çünki yazanın savadının azlığına dəlalət edir” Arif oxucular, söz yox ki, xatiratdakı bu qeydlərin kinayə ilə yazıldığına və “utanmaz” mollanəsrəddinçilərin dil məsələsi kimi böyük məsələni düzgün həll etdiklərinə inanmışdılar.
  •           Məmmədquluzadə həm mənşəyi, həm həyatı, həm bədii yaradıcılığı, həm də publisistikasının əsas problemləri ilə daim Arazın o tayında yaşayan cənublu qardaş və bacıları ilə bağlı olmuşdur. Onun üçün bu bir neçə cəhətdən əhəmiyyətli idi.
  •           İrana həsr etdiyi bədii və publisist əsərlərdə ədib bir tərəfdən qan qardaşlarına ağıllı məsləhətlər verir, o biri tərəfdən məharətlə Rusiya müsəlmanlarının “öz” dərd və ehtiyaclarına işarələr edirdi. “Təbrizdə dul övrətlərin, yetim və fəqirlərin” acından “torpaq yeməsi”, “Tehranda hüriyyət mücahidlərinin qanunlarının küçələrdə su yerinə axması” münasibətilə o, “İranlılara”, “İran fəhlələrinin pulu hara gedir?”, “Məhəmmədəli şah və bütpərəstlər” kimi kəskin ruhlu felyeton və məqalələr yazmışdır. Bu əsərlərdən üçüncüsündəki “Heyf olsun sənə, ey mənim gözəl vətənim!” sözləri isə böyük yazıçının vətən məhəbbəti ilə birlikdə vətən dərdi də çəkdiyini göstərir.

       Nəsr əsərləri:

  1. Zırrama (hekayə)
  2. Oğru inək (hekayə)
  3. Şərq fakültəsi (hekayə)
  4. Şəhər və kənd (hekayə)
  5. Proletar şairi (hekayə)
  6. Konsulun arvadı (hekayə)
  7. Nağaraçılıq (hekayə)
  8. Quzu (hekayə)
  9. Saqqallı uşaq (hekayə)
  10. Usta Zeynal (hekayə)
  11. Poçt qutusu (hekayə)     
  12. Kişmiş oyunu (pyes)
  13. Danabaş kəndinin əhvalatları (povest)

Dramaturgiyası:

  1. Çay dəsgahı
  2. Ölülər
  3. Kamança
  4. Danabaş kəndinin məktəbi
  5. Dəli yığıncağı

Publisistikası:

  1. Fəqirlər davası
  2. Sizi deyib gəlmişəm
  3. Necə qan ağlamayım?!
  4. Niyə məni döyürsünüz?!
  5. Millət
  6. Qondarma bəylər
  7. Cümhuriyyət
  8. Xoşbəxtlik
  9. Azadeyi-vicdan
  10. Təzə paltar
  11. Azərbaycan
  12. Yer yoxdur

Leave a comment