“Dəllək”

Sadıq kişinin on yaşında oğlu Məmmədvəlinin gözləri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
-Axı, Kərbəlayı Qazımın oğlu Əhmədin də gözləri ağrıyırdı. Dünən Əhmədnən arxın kənarında oynuyurduq. Əhməd burun qanadan otnan burnunu qanatdı. Elə burnundan bir az qan axan kimi, Əhmədin gözləri yaxşı oldu.
-Bala, get sən də burnunu qanat! – anası Məmmədvəliyə dedi.
Məmmədvəli

getdi, otların içindən haman tikanlı otu tapdı, sol əli ilə otu soxdu burnunun deşiklərinə, sağ əli ilə yumruğunu düyüb vurdu sol əlinin altından və Məmmədvəlinin burnundan qan başladı axmağa.
Yarım saat qədərincə qan axdı. Məmmədvəli barmaqları ilə burnunun deşiklərini tutdu ki, bəlkə qan kəsilə, amma qan kəsilmək bilmədi. Axırı anasını çağırdı. Anası dəxi qanın kəsilməyinə bir çarə tapmadı. Bu heyndə Sadıq kişi əlində ət səbəti bazardan evə ət gətirdi. Övrət üzünü tutdu Sadıq kişiyə:
-A kişi, gəl gör, Məmmədvəlinin burnunun qanına nə çarə eliyirik – kəsilmir; gəl bəlkə sən bir çarə tapasan.
Sadıq kişi oğlunun yanına yetişib, sağ əlinin barmaqları ilə yapışdı Məmmədvəlinin burnunun ucundan və qoymadı qan axsın. Amma qan burnunun içində şişib, genə yol tapıb başladı axmağa.
-A kişi, qaç bazara – övrəti başladı uca səslə Sadıq kişiyə deməyə. – Qaç tez Usta Hüseynin yanına. Onun həkimlikdə səritştəsi çoxdu. Tez qaç Usta Hüseynə de. Yoxsa uşağı qan aparar, evin yıxılar. Tez durma qaç və tez xəbər gətir.
Sadıq kişi əllərinin qanını arxda yuyub, üz qoydu həyətdən çıxmağa. Sadıq kişi o vaxt Usta Hüseynin dükanına yetişdi ki, usta bir müştərinin başını qırxıb qurtarıb, qanatdığı yerlərə pambıq düzürdü.
Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcək onu müştəri hesab etdi və qoltuq cibindən aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb və gözlərini yumub bir salavat zikr etdi və aynanı əvvəl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqalibində və gözlərini açıb sol əli ilə başladı qırmızı saqqalını tumarlamağa və bir dəfə də salavat çevirib, aynanı qaytardı Usta Hüseynə və dedi:
-Ay Usta Hüseyn, bizim Məmmədvəlinin burnu qanıyıb. Nə əlac edirik qan kəsilmək bilmir. Arvad məni yalvara-yalvara sənin yanına göndərib, bəlkə sən bir çarə tapasan.
Usta Hüseyn Sadıq kişidən aynanı alıb əvvəl ona təklif etdi ki, girsin dükana və otursun səkinin üstündə. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ əlini uzatdı və Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı. Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünə. Usta başını bulaya-bulaya dedi:
-Ax, ax, vay, vay! Yazığım gəlir gününə, ay Sadıq kişi!!! Bilmirəm sənin axırın nə günə qalacaq! Ay kişi, ya adını erməni qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmısan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!
Bu sözləri deyə-deyə Usta Hüseyn balaca mis qaba soyuq su töküb, Sadıq kişinin başını hər iki əlləri ilə ovurdu ki, tükləri yumşalsın. Sadıq kişi dinməz-söyləməz oturub başını əymişdi aşağı. Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə və sonra bir neçə dəfə də qayışa çəkib, Sadıq kişinin başını qırxmağa məşğul oldu və Sadıq kişiyə belə moizə elədi:
-Sadıq əmi! Müsəlmançılığın şərtləri çox ağırdır. Az bir adam bu şərtlərin hamısını əmələ gətirə bilər. Məsələn, başı tüklü saxlamaq heç bilirsən ki, necə böyük günahların biridir? Əvvəla budur ki, başını vaxtından-vaxtına qırxdırmıyanın evində heç xeyir-bərəkət olmaz. İkinci budur ki, insana növbənöv bədbəxtliklər üz verər. Mən nəyə deyirsən and içim ki, oğluvun qanının kəsilməməyi məhz tənbehdir ki, xudavəndialəm bu günahların qabağında sənə göndərib. Məndən sənə vəsiyyət: bir də belə qələtləri eləmə; yazıqsan, fağırsan. Yoxsa bir özgə cür bədbəxtlik üz verər, dəxi sonra peşimanlıq bir yerə çatmaz.
Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qəpik çıxarıb uzatdı Usta Hüseynə və dedi:
-Usta, allah atana rəhmət eləsin.
Və Usta Hüseyn pulu alıb cavab verdi:
-Allah sənin də atana rəhmət eləsin.
Sadıq kişi üz qoydu evinə getməyə.
Həyətə girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məmmədvəli bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnəyirdi.

Cəlil Məmmədquluzadə.

Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.
Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Bu dəfə on put unun çörəyi gərək yapılaydı və Zibeydənin mədədə gəlməyi, əlbəttə, lazım oldu. Həlimə xala üzünü ərinə tu

tub dedi:
– A kişi, durma, min ulağı, get Zibeydəni gətir.
Məlumdu ki, çörək pişən günlər uşaqlar və itlər üçün bayramdır. İtlər üçün səbəbi vazehdir; o ki qaldı uşaqlar, onların da məktəbə gedənləri iki-üç gün evdə qalıb guya uşaq saxlayırlar. Qız uşaqları da mədədçi övrətlərin uşaqları ilə “qəcəmə daş”, “beşbaş” oynayırlar.
Qasım əmi dəsmalının içinə bir neçə çörək qoyub bağladı belinə və istəyirdi ulağı minə, on üç yaşında oğlu Pirverdi yapışdı eşşəyin quyruğundan və dedi:
– Vallah, dədə qoymayacağam gedəsən!
Qasım əmi oğlunun üzünə baxmayıb ulağı mindi və çünki gördü ki, ulağ tərpəşmir, üzünü oğluna tərəf çöndərib soruşdu:
– Bala, niyə qoymursan gedəm?
Pirverdi cavab verdi:
– Həyə Zibeydə xalama desən ki, mənə bir xoruz gətirsin, onda qoyaram; yoxsa, vallah, qoymaram.
Qasım əmi “yaxşı” – deyib, hər iki ayaqları ilə ulağın qarnından dürtmələdi ki, yola düşsün, amma heyvan yerindən hərəkət etmədi; çünki Pirverdi bərk-bərk yapışmışdı ulağın quyruğundan. Qasım əmi üzünü oğluna tərəf çöndərib and içdi:
– Oğlum, canın üçün xalava deyərəm sənə bir yaxşı çarxı xoruz gətirsin. Di izn ver gedim.
Pirverdi quyruğu əlindən ötürdü.
İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə və istəyirdi bacanağı Kərbəlayı Məhəmmədin evinə yavıqlasa, köhnə dostu Təzəkəndin prixod mollası Axund Molla Cəfərə rast gəldi və ulaqdan yendi. Molla ilə görüşüb və kəndə nədən ötrü gəlməyini deyib, Qasım əmi istədi ulağı sürə, amma Molla Cəfər əlindəki çilingi ilə ulağın başını öz evinə tərəf qaytarıb, yapışdı Qasım kişinin yaxasından ki, gərək bizə gedib, mənə qonaq olasan.
Vaqeən Qasım əmi çox ədəbli və söz eşidəndi; dostunun təklifini qəbul edib üz qoydu Molla Cəfərin evinə.
Molla Cəfər Qasım əmini evini aparıb qayğanağa qonaq elədi. Çörək ortalıqdan götürüləndən sonra molla, qonağa bu sözləri başladı deməyə:
– Qasım əmoğlu, mən sənin işlərinə lap məəttələm. Kişi, havanın belə şiddətli istisində arvadın sözünə baxıb dörd ağac yolu gəlibsən ki, nə var-nə yox-övrətim çörək yapır. Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohum-qardaşı, cicisi, bacısı, xalası, bibisi, nəticəsi var-hamısıni daşıyıb tökəsən Danabaş kəndinə? Kişi, sən şeytan fələsisən məgər?
Qasım əmi başını aşağı əyib, barmaqları ilə xalçanın iplərini o tərəfə-bu tərəfə tumarlaya-tumarlaya Molla Cəfərə belə cavab verdi:
– Axund Molla Cəfər, yaxşı fərmayış buyurursan; ancaq, vallah, arvadın öhdəsindən gələ bilmərəm. Deyirəm axı, üzdəniraq, nə bilim nəyin qızı, on put unun xəmirini çörək yapmaq nə elə bir çətin işdi ki, gərək bacın da köməyə gələ? Elə ha deyirəm, başa gəlmir. Deyirəm çanın çıxsın, bir gün də artıq işlə; daha neynim, sözümə baxmır.
– Ax, vay gününə Qasım əmoğlu, – Molla Cəfər deyir.
Bir qədər keçəndən sonra Molla Cəfər dik qalxıb dizləri üstə, sağ əlini uzatdı Qasım əmiyə və uca səslə dedi:
– Qasım əmoğlu, əlini mənə ver.
Qasım əmi başını mollaya tərəf qalxızdı və bir şey başa düşmədi.
– Qasım əmoğlu, əlini ver mənə.
Qasım əmi yavaşca, guya qorxa-qorxa əlini uzatdı Molla Cəfərə.
– Qasım əmoğlu, qoy səni evləndirim.
Qasım əmi ancaq başını buladı, amma bir söz demədi.
– Qasım əmoğlu, qoy Pərinisəni sənə siğə eliyim. Heç başını tovlama. Deyirsən arvadın öhdəsindən gələ bilmirəm. Bax, arvadın öhdəsindən belə gələrlər. Vallah, Pərinisəni alacağam sənə. Hərçənd yaşı bir az artıqdı, amma topuqları şam tirindən yoğundur.
Əvvəl Qasım əmi bir qədər çəm-xəm elədi; amma axırda razı oldu. Molla Cəfər balaca qızını göndərdi Pərinisəni gətirdi, siğəni oxudu və qərar qoydu ki, elə bu gün Qasım əmi təzə övrətini mindirsin hamam ulağa və aparsın evinə. Qasım əmi gənə bir az çəm-xəm eləyəndən sonra, buna da razı oldu.
Qasım əmi ulağı minib və Pərinisəni tərkinə alıb düzəldi yola və şam vaxtı yavıqlaşdı kəndinə. Oğlu Pirverdi kəndin kənarında durub gözünü dikmişdi yola və gözləyirdi ki, xalası ona çarxı xoruz gətirəcək. Uzaqdan atasını görüb sevinçək qaçdı və Qasım əminin tərkindəki övrəti, xalası Zibeydə hesab edib, atıla-atıla qaçdı övrətin yanına və çarşovunun ucundan yapışıb dedi:
– Zibeydə xala, mənə xoruz gətirdin?
Pərinisə təəccüblə üzünü çöndərdi oğlana tərəf. Pirverdi xalası əvəzinə yad övrəti görüb gözlərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra zırınpanı başlayıb özünü çırpdı yerə…
Az qalmışdı ki, həmin hekayəni tamam edəm, yoldaşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əminin övrətlərinin dava-mərəkəsinə tamaşa edək. Bu səbəbdən nağılımı tamam edə bilməyib burada qaldım.

Leave a comment